(PDF) Ustacalular (Faruk Sümer) | Elvin Memmedli - Academia.edu
Ustacalu (Ustaclu) I Şah İsmayıl dövrü (1501 – 1524) Bu boy əslində Sivas – Amasya – Tokat bölgəsində yaşayan və bəzi oymaqları Kırşəhirə qədər yayılan Ulu Yörük adlı böyük topluluğa mənsub idi. Şeyx Cüneyd və Heydərin Anadolulu müridlərinin mühüm bir qismini Ustacalular təşkil edirdi. Oymağın adını, Ustaca (usta kimi və ya bəlkə Usta Hacı) adlı bir şəxsdən aldığından şübhə edilməz. Hicri 906-cı (1500) ildə Ərzincanda buyruğundakı iki yüz atlı ilə Şah İsmayılın qatına gələn Mirzə Bəy oğlu Məhəmməd Bəy, Ustacalının nəslindən idi. Bu Məhəmməd Bəy Çaldıranda Səfəvi ordusunun sol qoluna rəhbərlik edən ünlü Ustaca Oğlu (yaxud Ustacalu Oğlu) Məhəmməd Xan idi. Məhəmməd Xanın bu tarixdə Qılıç Xan adlı bir oğlunu tanıyırıq. Ustacalulardan Şah İsmayılın süfrəçi başısı digər Məhəmməd Bəyin hicri 920-də (1514) Çayan Sultan ləqəbi ilə əmirül-üməralığa gətirildiyindən, hicri 929-da (1523) ölümü üstünə mövqeyinin oğlu Bəyazid Sultana verildiyindən öncə bəhs edilmişdi. Yenə Ustacaludan Qorucu Başı Saru Pirənin Çaldıran savaşında öldüyü görünmüşdü. Bu tarixdə Çayan Sultanın qardaşı Köpək Sultan (əsl adı Mustafa idi), Qarınca Sultan, Məntəşə Sultan (Şeyxlü obasından, Qorucu Başı Saru Pirənin qardaşı), Bədir Bəy, Kürd Bəy, Qara Xanın oğlu Abdullah Xan, Qadı Bəy, Sofu Oğlu Əhməd Sultan (Kirman valisi), Qazuq ləqəbli Həmzə Sultan, Tacəddin Bəy kimi əmirlər də bu boydan idilər. Ustacalu Xızır Ağa atını vermək surəti ilə Şah İsmayılın savaş meydanından qaçmasını təmin etmişdi. Bu surətlə Ustacalular Şah İsmayıl çağında dövləti quran oymaqların başında gəlməkdədir. I Şah Təhmasib dövrü (1524 – 1576) Araşdırmalarımıza görə 1532-dən 1576-cı ilədək olan zamanda bu oymaqdan bəy, sultan və xan ünvanlarını daşıyan otuzdan artıq əmir görünməkdədir. Təkəlü Çuxa Sultanın öldürülməsindən sonra Təhmasib, əmirül-üməralığa Şamlu Hüseyin Bəy ilə Ustacalu Abdullah Xanı gətirdi. Öncə vurğulandığı kimi, Abdullah Xan dövlətin qurulmasında çox mühüm bir rol oynayan Məhəmməd Xanın yegəni və Qara Xanın oğlu idi. Abdullah Xanın Şahın bacısı ilə də evli olduğunu bilirik. Hicri 950-ci (1543) ildə Abdullah Xan, Həmədan valisi olaraq, başlarına buyruq hərəkət edən Kəlhur Kürdlərinə uğurlu bir axında bulunmuşdur; hicri 974-cü (1566) ildə vaqe olan ölümü Təhmasibi çox mütəəssir etmişdi. Ustacalulardan digər böyük bir əmir də Abdullah Xanın çağdaşı Məntəşə Sultan (Şeyxlər obasından) idi. Təhmasibin ən etimad etdiyi mərkəz əmirlərindən biri olan Məntəşə Sultan hicri 952-ci (1545-1546) ildə ölmüşdür. Adı keçən bu bəylərin çağdaşı olan Bədir Xanın da eyni oymaqdan (Şərəflü obasından) və böyük əmirlərdən biri olduğu görünür. Bədir Xanı hicri 965-ci (1558) ildə Yaxa Türkmənlərindən Oxlu oymağı başı Aba ilə Xarəzm hakimi Əli Sultana qarşı edilən bir səfərdə əsir düşmüşdür. Ondan bir daha bəhs edilmədiyinə görə, Bədir Xanın sərbəst buraxılmayaraq öldürülmüş olması mümkündür. Bədir Xanın İmam Qulu Sultan adlı bir oğlunu tanıyırıq (hicri 980 = 1572-1573-də Gilanda öldürülüb). Eyni səfərdə Dinavər valisi Qıç Oğlu Həsən Sultan ilə Keçəl Şahverdinin oğlu Şah Qulu Sultan da əsir düşdülər. Sədrəddin Xan da Ustacaluların böyük əmirlərindən biri idi. O, hələ hicri 940-cı ildə xan ünvanını daşıyan əmirlər arasında bulunurdu. Sədrəddin Xan hicri 944 (1537) və hicri 955-də (1548) olmaq üzrə iki dəfə Astarabad valiliyində bulunmuşdur. Burada barəsində danışılması gərəkli digər bir əmir də Yüzbaşı Həsən Bəydir. Həsən Bəy hələ hicri 940-cı (1533-1534) ildə ən mötəbər mərkəz əmirlərindən biri idi. O, hicri 967-ci ildə ölmüşdür. Bunu bir il öncə ölən və yenə Ustacaludan olan (Çavuşlu obasından) digər Həsən Bəy ilə qarışdırmamaq gərəkdir. Bu sonuncusu da Şahın yaxınlarından olub, onun oxçu qorucusu idi və ona, zülmdə bulunmuş bir əmir olmasından dolayı, Firavun-i Sani ləqəbi verilmişdi. Şah Qulu Sultan da Təhmasibin etimadını qazanmış əmirlərdən biri idi. O, Kirman, Astarabad, Məşhəd və Çuxur Səəd əmirliklərində bulunmuş və hicri 975-də (1567-1568) elçi olaraq İstanbula getmişdir. Yuxarıda adı keçən Yüzbaşı Həsən Bəyin oğlu Hüseyin Bəy də Təhmasibin son illərində ən qüdrətli mərkəz əmirlərindən biri olmuşdu. Bunlara əlavə olaraq eyni oymağa mənsub bu əmirlər də vardı: Çırağ Sultan (ölümü: hicri 955 = 1549-dan sonra), Şah Əli Sultan (hicri 955 = 1548, Astarabad valisi), Astarabad valisi Keçəl Şah Verdi (Yaxa Türkmənləri ilə etdiyi bir savaşda ölmüşdür, hicri 957 = 1550), Cəfər Bəy (Kəngərlü obasından, hicri 967 = 1559-1560-da elçilik ilə İstanbula göndərilmişdir), Çayan Sultanın nəvəsi Ayqut (Ayğut Bəy; hicri 972-də Nişapur, İsfərayin valisi), Qənbər Sultan (hicri 971 = 1563-1564-də Xorasan yörələrindən birində vali), Xəlil Ağa (Kəngərlü obasından, hicri 940 = 1533-1534-də adı keçir), Yasavul Başı Vəli Bəy (hicri 969 = 1561-də elçilik ilə İstanbula göndərilmişdir), İçik Oğlu Allah Qulu Sultan (hicri 975 = 15671568-də Gilanda dirlik yiyəsi, hicri 977-də Gilan valisi Mahmud Mirzənin atabəyi; Kərəmpa obasından), Nəzər Sultan (Yüzbaşı Həsən Bəyin qardaşı), Əmir Qeyb Sultan (hicri 966-da Təbriz valisi, 972-də Herat, 975-də Gilan fəthində bulundu, Deyləman və Kuh-i Gilan valisi ikən hicri 979-da orada ölmüşdür), Pirə Məhəmməd Xan (Çavuşlu obasından, eyni səfərə qatılmışdır), Kirman valisi Teymur Xan (Kəngərli obasından), oğlu Murad Xam və Rumlu Həsən Bəyin, Sam Mirzə kimi, ağıllı və dirayətli bir əmir olduğunu söylədiyi Çavuşlu Baba Süleyman oğlu Yusif Bəy. Türkman İskəndər Bəy, Təhmasibin ölümü əsnasında həyatda bulunan Ustacalu əmirlərindən bir qisminin adlarını verir ki, bunlardır: Yüzbaşı Həsən Bəyin oğlu Hüseyin Bəy, Teymur Xan oğlu Süfrəçi Murad Xan, Allah Qulu Sultan (Kərəmpa obasından), Piri Bəy (Qoçulu obasından, Rey valisi), Pirə Məhəmməd Xan (Çavuşlu obasından, Gilan valisi; İmam Qulu Mirzənin atabəyi), Toxmaq ləqəbi ilə tanınmış Çuxur Səəd valisi Şahqulu Sultan oğlu Məhəmmədi Xan (Təhmasibin ölümü əsnasında elçi olaraq getdiyi İstanbulda bulunurdu), Yegən (oğlu?) Şah Qulu Sultan (Herat valisi və Abbasın lələsi), Səraxs valisi, Şah Qulu Sultanın oğlu İbrahim Sultan, Vəli Xan (Şərəflü obasından, Havaf və Bahərz valisi), Turşiz valisi Sofu Oğlu Mahmud Xan, Qyqut Sultan (Çavuşlu obasından, Şüstər və Dizful valisi), Qarınca Oğlu Şah Qulu Sultan (Mahi Fəqihlü obasından, Tiflisdə Gürcü Davud Xanın yanında Şahın təmsilçisi, Keçəl Şah Verdinin oğlu Mustafa Sultan. Ustacalulara dair qeyd olunmuş olan bu adlar onların Təhmasib çağında nə qədər mühüm bir mövqeyə sahib olduqlarını göstərir. Bu özəllik eyni zamanda bu oymağın Anadoludan bəslənməkdə olduğunu da ifadə edə bilər. İsfahanlı Fəzli on doqquz Ustacalu əmirinin adını verir. II Şah İsmayıl və Sultan Məhəmməd Xudabəndə dövrü (1576 – 1587) Ustacalular bu çağda, anlaşılacağı üzrə, Çuxur Səəd əyaləti, Naxçıvan, Xalxal – Tarum yörələri ilə Xorasanda yaşayırdılar. Diqqətə şayandır ki, bu böyük oymağın digər mühüm bir oymaq olan Şamlular ilə birlikdə müəyyən bir yurdları yox idi. Sultan Məhəmməd çağı sona yetdiyi zaman onlardan Mürşid Qulu Xan dövlətə hakim bulunurdu. I Şah Abbas dövrü (1587 – 1629) Don Juan (keçmiş Bayat Oruc Bəy) İranda ən yüksək mövqeləri tutan 32 oymaq və ya əsilzadə ailənin varlığını bildirdikdən sonra Ustacaluların (Ustajlu) ən başda gəldiklərini, çoxunun Şahın ən sevimli əmirləri olduqlarını, yüksək və şərəfli mənsəbləri əllərində tutduqlarını söyləyir. Don Juan Ustacalulardan sonra sıra ilə bu oymaqları qeyd edir: Şamlu, Avşar, Türkman, Bayat, Təkəlü (Takkeh-lu), Xarmandalu (Xarbəndəlü = Xudabəndəlü), Zülqədir (Zhulqadarlu), Qacar (Qajar), Qaramanlu, Bayburdlu, İspirlü (İspihrlü), Oryat (Oriath = Oyrat, əski və ünlü Monqol oymağı?), Çavuşlu (Chaushlu, Ustacaludan), Asayişlü (Assayshlu, Ustacaludan), Çəmişkəzəklü (Chamish-Qazaqlu), Saru Solaqlu (Sarozolacklu, Ustacaludan), Qara Bacaqlu (Gara Bachaclu), Baraclu (? Barachlu), Qoyun Ərilü (? Cuiniorilu), Qırıqlu (? Griclu), Bozcalu (Boschalu), Hacı Fəqihlü (Acbıfaquilu), Həmzəlü (Ambzalu), Solaqlu (? Solachlu), Mahmudlu, Qara Çomaqlu (Gara Chomaclu), Qara Qoyunlu, Gözü Böyüklü (Cossi Boyezlu), Peyklü (? Peyclu), İnallu (? Ynazlu), Kuh Giyulu (Cohequilu). Şah Abbas çağında İranı ziyarət edən Pietro della Valle bu 32 oymaqdan 16-nın sağ qolu, 16-nın da sol qolu təşkil etdiklərini yazır. Şah Abbası Səfəvi taxtına bu boydan Mürşid Qulu Xanın keçirdiyini görmüşdük. Mürşid Qulu Xanın öldürülməsi üstünə Ustacaluların Səfəvi tarixində oynadıqları mühüm rol da sona çatdı. Şah Abbasın, görmüş olduğumuz kimi, ata və babasının etibar göstərib mühüm mövqelərə keçirdiyi Ustacaluları sevmədiyi bir gerçəkdir. Ustacalular bu hökmdar zamanında elə bir zərbə aldılar və elə parçalandılar ki, bir daha özlərini toparlaya bilmədilər və sonraları varlıqlarını da mühafizə edə bilmədilər. Hətta bu üzdən bəzi obaları başqa oymaqların idarəsi altına girdilər. Şah Abbasın ölümü əsnasında onlardan dirlik sahibi üç əmir görünür. Bunlardan heç biri xan ünvanını daışımır və mühüm əyalətlərin başında bulunmurdu. Bu üç əmirdən Ustacalu Bəktaş Xan oğlu Mühibb-i Əli Sultan Nəsa, Maqsuf Sultan (Kəngərlü obasından) Naxçıvan, Pir Qaib Xan oğlu Əbül-Qasım Sultan (Şərəflü obasından) Hillə əmiri idilər. Ustacaluların durumu Şah Səfi çağında daha yaxşı deyildi. Nəsa əmiri olan Kəlb-i Əli Sultan Xarəzm hökmdarı İsfəndiyar Xanın hücumu üzərinə şəhəri tərk edib qaçdığından öldürüldüyü kimi, Ustacalu Həsən Xanın oğulları da bir fəsad hərəkəti üzündən, heç bir suçları olmadığı halda, Şah Abbasın qızından doğulduqları üçün eyni aqibətə uğradıldılar. Şah Səfi çağında Ustacalu Şah Verdi Bəy hicri 1045-də (1635-1636) Dərbənd valisi təyin edilmişdi Ancaq hicri 1050-də (1640-1641) vəzifədən çıxarılıb yeri yenə Ustacaludan Keşikçi Başı Bəhram Bəyə verildiyi kimi, onun mövqeyinə də oğlu Bəyazid Bəy təyin edilmişdir. Ustacalu obalarına keçmədən öncə bunu vurğulayalım ki, adını bir bəydən alan və digər bütün obalara verən, doğrudan doğruya Ustacalu adlı bir oymaq vardır. Necə ki, biz onun kiçik bir bölüyünün köç etməyərək Anadoluda Ulu Yörük arasında qaldığını görmüşdük. Dövlətin qurulmasına qardaşları Qara, Ulaş, Süleyman, İvaz və digərləri ilə birlikdə qatılan və bunda mühüm bir rol oynayan Məhəmməd Xanın da Osmanlı qaynaqlarında daima Ustacalu-Oğlu olaraq anıldığı, yenə öncə söylənmişdi. Anlaşıldığına görə Ustaca, Məhəmməd Xanın babası və ya əcdadlarından biri idi. Səfəvi xidmətində Ustacalu ailəsini Şah Abbas çağınadək təqib edə bilirik. Adı keçən hökmdarın vəzirlərindən Salman xan, Şah Əli Mirzənin, o, Abdullah Xanın oğlu, o, Qara Xanın, Qara Xan da Mirzə Bəyin oğlu və Məhəmməd Xanın qardaşıdır. Salman Xan deyəsən, «üməra-yi Ətrak», yəni Türk əmirləri arasında vəzirlik mövqeyinə yüksələn biricik əmirdir. O, hicri 1015-ci (1606-1607) ildə xəstələnib İsfahanda (uşaqsız olaraq) ölmüşdür. Təsbit edildiyinə görə, başlıca Ustacalu obaları bunlardı: Çavuşlu, Kəngərlü, Şərəflü, Kərəmpa (yaxud Gərəmpa), Qoçulu, Sofular, Mahi Fəqihlü (?), Qarasarlu, Qıçlu, Qızıllu, Damlu, Gözüböyüklü. a. Çavuşlu: Ustacalunun ən önəmli obası Çavuşludur. Don Juan (keçmiş Bayat Oruc Bəy) önəmindən dolayı bu obanı ayrıca vurğulayır. Ustacaludan ən çox və ən dəyərli əmirlər adı keçən obadan yetişmişdir. Ustacalu əmirlərindən hansılarının bu obaya mənsub olduqları qaynaqların verdikləri imkan nisbətində yeri gəldikcə göstərilmişdi. Burada, xatırlatma tərzində onların ən tanınmış olanlarının sadəcə adlarını qeyd edirik: dövlətin quruluşuna qatılan Oğlan Əmət və oğulları (məsələn, Baba Süleyman, Ayqut Bəy), Təhmasibin ən böyük əmiri Yüzbaşı Həsən və oğlu Hüseyin bəylər, Sultan Məhəmməd çağındakı Ustacaluların başı (Riş Səfid), Pirə Məhəmməd Xan, Ayqut oğlu Mehdi Qulu Xan, Abbası taxta çıxaran Mürşid Qulu Xan. Adı keçən hökmdar çağındakı ən gözə çarpan Çavuşlu əmirləri də bunlardı: Səbzivar valisi Ayqut b. c. d. e. Sultan oğlu Məhəmməd Xan (adı ən son hicri 997 = 1589-cu ildə də keçir), Simayun oğlu Mehdi Qulu Xan (hicri 1000 = 1592-də öldürülmüşdür), Əbu Müslim Xan (hicri 1000 = 1592-də Özbəklər tərəfindən öldürülmüşdür), hicri 1000-ci (1591-1592) tarixində qardaşı İsfərayin valisi Həsən Xan, Təhmasibin oxçu qorucusu Hüseyin Bəy ilə Məsum Bəyin nəvəsi və Xəlil Xanın oğlu Məhəmməd Şərif Xan (hicri 999 = 1591-ci ildə öldürülmüşdür), Pirə Məhəmməd Xanın oğlu Mahmud Xan (hicri 999 = 1591-ci ildə öldürülmüşdür?) və yuxarıda adı keçən Əbu Müslim Sultanın qardaşı və eyni zamanda böyük əmirlərdən Qara Həsən Xan. Göründüyü kimi Ustacalunun hələ dövlətin qurulmasından etibarən dəyərli şəxsiyyətlər çıxarmış olan Çavuşlu obası əmirləri, Abbasın səltənətinin ilk illərində çoxu öldürülmək surətiylə arıtlanmışdırlar. Şeyxlər: Çaldıran savaşında ölən Səfəvi əmirlərindən Qorucu Başı Saru Pirənin bu obadan olduğunu görmüşdük. Adı keçən Səfəvi əmiri Təhmasib çağındakı böyük əmirlərdən Məntəşə Sultanın böyük qardaşı idi. Məntəşə Sultanın hicri 952-ci (1545-1546) ildə vəfat etdiyindən də öncə danışılmışdı. Xudabəndə çağlarındakı Ustacalu əmirlərindən, Məntəşə Sultanın oğlu Murad Xan istisna olmaq üzrə, hansılarının bu obaya mənsub olduqlarına dair qeydlərdə rast gəlinməməkdədir. Mürşid Qulu Xan, yanında Abbas olduğu halda hicri 995-də (1587) Xorasandan Qəzvinə üzərinə yürüdüyündə yanında bulunan əmirlərdən biri də Turşiz əmiri Məntəşə Sultan (az sonra xan) idi ki, bunun Şah Təhmasib çağındakı eyni adı daşıyan əmirin nəvəsi olması ehtimaldır. Məntəşə Xanın da digər bir çox Ustacalu əmirlərinin aqibətinə uğradığı anlaşılır; hicri 998-ci (1589-1590) ildə Fars əyalətindəki Darabcird şəhəri valiliyindən çıxarılması üzərinə, yanındakılar dağılmış və Məntəşə Xan da Kirman valisi Avşar Bəktaş Xana sığınmışdır. Məntəşə Xan haqqında daha çox bilgiyə sahib deyilik. Kəngərlü: Kəngərlü varlığını keçən əsrədək sürdürən Ustacaluların biricik obasıdır. Kəngərlünün İrana gəldikdən sonrakı yurdu Naxçıvan bölgəsi olub, orada son illərədək yaşamışdır. Təhmasib çağında Şah Verdi Bəy, Peykər Xəlifə; Şah Məhəmməd çağında Cəfər Sultan, Allah Qulu Sultan bu obanın qeydə dəyər əmirlərindən idilər. Abbas çağında isə Mustafa Xan ilə Teymur Sultan, Gəda Əli Bəy və Maqsud Sultanın Kəngərlüdən olduğunu bilirik. Bunlardan Mustafa Sultan Xorasanda Tabas valisi olub hicri 1003-də (1594-1595) Özbəklər ilə edilən bir savaşda ölmüş və yerinə eyni obadan Teymur Sultan təyin edilmişdir. Maqsud Sultana gəlincə, o, Naxçıvan valisi idi; elçilik ilə İstanbula getmişdir (hicri 1046 = 1636-1637). Krit fatehlərindən Dəli Hüseyin Paşanın yüksəlməsinə səbəb olan məşhur qatı yayı da IV Murada sunan bu Maqsud Sultan idi. Eyni zamanda xəlifətül-xüləfa olan Maqsud Sultan, hicri 1051-ci (1641-1642) ildə 2-ci dəfə İstanbula göndərilmişdir. Zamanımızda Diyarbəkir vilayətində biri mərkəzə, digəri də Bismil qəzasına bağlı Kəngərlü adlı iki kənd görünməsi diqqətə dəyər. Çünki, xatırlanacağı üzrə Ustacalu Məhəmməd Xan ilə qardaşı Qara Xan bu bölgədə valilik etmişdilər. Şərəflü: Şərəflüyə mənsub bir çox əmir tanıyırıq. Bunlardan biri Kürd Bəy olub, Şah İsmayıl çağında Bitlis, Ərciş və Adilcəvaz yörələrinin valisi idi. Kürd Bəyin Təhmasibin səltənətinin ilk illərində də adı keçir. Təhmasibin ölümü əsnasında Xorasanda Xvaf və Bahərz əmiri olan Vəli Bəy ilə Şah Məhəmməd çağı əmirlərindən İbrahim Sultan, adı keçən hökmdar ilə oğlu Abbas zamanındakı əmirlərdən Pir Qaib Xan (hicri 996 = 1588-ci ildə bir oğlu ilə bərabər öldürülmüşdür), oğlu Əbül-Qasım Sultan Şərəflüdən olduqları kimi, şiddəti ilə məşhur Qəzvin daruğası Əhməd Ağa da (ölümü: hicri 1014 = 1605-1606) eyni obadan idi. Kərəmpa: Yuxarıda Kərənpa adlı bir oymağın 16-cı yüzildə Sivas bölgəsindəki Ulu Yörük arasında yaşadığını xəbər vermişdik. Bunlar Ulu Qışla, Köprücə, Çuxax və sairə kimi yeddi yerdə yaşamaqda və əkinçilik ilə məşğul olmaqda idilər. İrana getmiş olan Kərəmpaya gəlincə, adı keçən oymağa mənsub dörd əmir tanıyırıq ki, bunların dördü də Şah Abbas çağında yaşamışdırlar. Bu əmirlərdən biri Çırağ Sultan, digəri avcı başı Əhməd Ağa oğlu Əli Bəy, üçüncüsü hicri 997-ci (1589) ildə Ələmut, hicri 999-da (1591) İsfahanın Tabərak qalası sərkərdəliyinə təyin edilən Çırağ Sultanın oğlu Əhməd Bəy (Sultan), dördüncüsü də eyni qalanın daruğalığı verilən yenə Çırağ Sultanın qardaşı Əli Bəydir. f. g. h. i. j. k. l. m. Qoçulu: Təhmasibin ölümü əsnasındakı tanınmış Ustacalu bəylərindən Piri Bəy ilə Abbas çağındakı Çiharqav ləqəbi ilə anılan Mürşid Qulu Sultanın Qoçuludan olduğunu bilirik. Sofular: Sofulardan ancaq iki əmirin adını bilirik. Bunlar da Mürşid Qulu Xanın yaxınlarından Əli Xan Sultan ilə Mahmud Bəydir. Sofular adında Sivasda bir, Amasiyada iki, Toqatda bir, Zonquldakda yeddi, Kastamonuda beş kənd olmaqla yanaşı eyni addakı Ustacalu obası ilə bunlar arasında bir münasibət olduğu haqqında heç bir şey söylənə bilməz. Mahi Fəqihlü: Bu obadan yalnız Təhmasib çağındakı Qarınca Sultan ilə oğlu Şah Qulu Sultanı tanıyırıq. Qara Sarlu: Bu adın əsli Qara Hisarlu olsa gərəkdir. Bu Qara Hisar da Şərqi (Şəbin) Qara Hisar ola bilər. Adı keçən obaya mənsub iki əmir tanıyırıq. Bunlar Köşək Oğlu Məşhəd valisi Əmət Xan ilə (ölümü: hicri 1008 = 1599-1600) yenə Köşək Oğlu və eyni tarixdə Nişapur valisi olan Şah Nəzər Sultan idilər. Qıçlu: Adı keçən obadan Bayram Qulu Bəyi tanıyırıq. Bayram Qulu Bəy, Sultan Məhəmməd çağında Ələmut qalası sərkərdəsi idi. Abbas onu hicri 1016-cı (1607-1608) ildə gizlicə Qırım xanı Qazi Gəraya göndərmişdir. İskəndər Bəydə keçən Fəthlu və Fəth Oğlu adlarının doğrusunun Qıçlu olduğu anlaşılır. Qızıllu: Bu obadan da Əli Bəy adlı bir əmir tanıyırıq ki, Şah Abbas çağında yaşamışdır. Damlu: Mərv valisi Bəktaş Xan bu obadan idi. Bəktaş Xan ünlü Mürşid Qulu Xanın vəkili olub sonra onun adına İsfahanda daruğalıq etmişdir. Hicri 1009-cu (1600-1601) ildə Xorasanda Maruçaq və Mürgab əmirliyinə təyin edildikdən sonra, eyni ildə Mərv valisi olduğu kimi, oğlu Məlikişə də Nəsa və Abivərd valiliyi verilmişdir. Mərvdə səkkiz il valilikdə bulunan Bəktaş Xan hicri 1017-ci (1608-1609) ildə ölmüşdür. Bəktaş Xanın digər oğlu Mühibb-i Əli Sultan atasının xidmətlərindən dolayı, gənc yaşda olduğu halda, Nəsa valiliyinə təyin edilmişdi. Mühibb-i Əli Sultan hicri 1039-cu (1629-1630) ildə Xarəzm hökmdarı İsfəndiyar Xan ilə qardaşı gələcək tarixçi Əbül-Qazinin saldırıları qarşısında şəhəri tərk edib qaçdığından acınacaqlı surətdə öldürülmüşdür. Gözü Böyüklü: Gözü Böyüklü Anadoluda Yeni İl Türkmənlərinə bağlı bir oymaqdır. Zamanımızda bu oymağa mənsub bir ailə Kaysəridə oturmaqdadır. İrandakı Gözü Böyüklülərin bu oymağın bir qolu olduqlarında heç şübhə və tərəddüt yoxdur. İrandakı Gözü Böyüklülər Ustacalulara bağlı göstərilməkdədir. Bu oymağa mənsub bir tək əmir tanıyırıq ki, o da Qənbər Bəydir. Qənbər Bəy (sonra Sultan) dövlətə hakim olan Ustacalu Əli Qulu Xanın yaxınlarından idi. Sonra Şah Abbasa bağlanmış və onun silahdarbaşısı olmuşdur. Qənbər Bəy, Ustacaluların ən igid və eyni zamanda işbilən əmirlərindən olduğundan, Abbas onu mühüm işlərdə istifadə etmişdir. O cümlədən, Cağaloğlu Sinan Paşaya qarşı Təbriz civarında girişilən savaşı Qarçıqay Bəy ilə Qənbər Bəy idarə etmişdirlər. Qənbər Bəy (Sultan) sonra Qaradağ və Şirvan fəthində bulunmuş və Abbas tərəfindən hicri 1014-də (1605-1606) Dəmir Qapunun təmir və təhkiminə məmur edilmişdir. Qənbər Bəydən (Sultan) bir daha bəhs edilmədiyinə görə, onun çox keçmədən ölmüş olduğuna hökm edilə bilər. Yuxarıda adları keçən obalardan bəzilərinin ailə adı olduğu görünür. Bu durumda bu ailələrin başında bulunduqları Ustacalu qollarının onların adları ilə nisbətlənmələri təbiidir. Öncə söyləndiyi və bu yazdıqlarımızdan da anlaşılacağı üzrə Şah Abbas, dövlətin qurulma və gəlişməsində ən mühüm rolu oynayan Ustacalulara, heç də layiq olmadıqları halda, ağır zərbələr vuraraq bu böyük oymağı acınacaq bir duruma gətirmiş və bu oymaq Abbasdan sonra da bir daha özünü toparlaya bilməmişdir. Qüdrətli və hər dövrdə dirayətli əmirlər yetişdirən Ustacalu boyu beləcə həzin bir aqibətə uğramışdır. Ustacaludan təhsil görmüş, Türkcə və Farsca şeirlər yazan bəzi şəxsiyyətlər də çıxmışdır. Bunlardan biri Bəyazid Sultanın oğlu Çayan Sultanın nəvəsi Yaqub Mirzədir. Tarixə də çox maraqlı olan Yaqub Mirzə hicri 950-də (15431544) vəfat etmişdir. Sam Mirzənin, tarixçilər kimi, əxlaqını və şücaətini öydüyü Ustacalu Yusif Bəy də (Təhmasib çağı əmirlərindən) daha çox Türkcə şeirlər yazmaqla tanınmışdı. Ustacaludan gözəl şeirlər yazan əmirlərdən biri də Kirman valisi Teymur Xan oğlu Murad Xandır. Murad Xan Təhmasibin ölümü əsnasında (hicri 984 = 1576) Gilanda vali bulunurdu. Murad Xan, Heydər tərəfdarlarından olduğu üçün, II İsmayılin buyruğu üstünə Pirə Məhəmməd Xan tərəfindən gözlərinə mil çəkilmişdir. Murad Xan, Fiqari təxəllüsü ilə hər kəscə bəyənilən Türkcə və Farsca şeirlər yazmışdır. Murad Xanın qardaşı Əli Xan Mirzə ilə yenə Ustacaludan İmam Qulu Bəy (Fusuni) və yuxarıda adı keçən Yusif Bəyin əqrəbasından Pir Qulu Bəy də şair idilər. Faruk Sümer — «Safevi Devletinin Kuruluşu ve Gelişmesinde Anadolu Türklerinin Rolü» © ATB ― Azərbaycan Türkçülər Birliyi